Sonuncu inqilab yoxdur,
inqilablar sayı, sonsuzdur!
İranda Parlamentar sistemin məsələləri (6)*
Ağ inqilab
1953-cü ildən sonra şahın nüfuzunun artması nəticəsində “Milli cəbhə” ilə bağlı partiyaların yalnız kiçik qrupları məhdud, və gizli şəraitdə öz fəaliyyətini davam etdirirdi.
Parlament hər cür reforma siyasətinə qarşı müqavimət göstərən iri mülkədar və iri tacirlərin əlində bir alətə çevrilmişdi. Şah siyasi və sosyal gərginlikləri duyaraq, sürətli inkişaf reforma vasitəsilə əks təsir göstərməyə çalışdı.
O, 29.7.1963-cü ildə amerika jurnalı “Life” ilə verdiyi müsahibədə reformların vacibliyini vurğulayarkən dedi: “ölkənin rəhbərlərini inandırmağa çalışırdım ki, nə qədər ki, aşağıdan inqilab başlamamışdır,yuxarıda Evolusion etmək lazımdır”.
Yuxarıda qeyd edildiyi kimi, parlament hər cür reforma siyasətinə müqavimət göstərən ənənəvi tərkibdən ibarət olduğundan və burada mühafizəkar qüvvələrin ağalığına son qoyma bilən loyal partiyalar olmadığından, şah 1957-ci ildə partiyaların fəaliyyətinə icazə verməyi qərara aldı. Partiyalar şahın yaxın adamları Mənuçehr İqbal* və Əsədullah Ələmin tərəfindən qurulmalı idi. Iki partıyanın həlledici rol oynadığı İngilis parlamentinin nümunəsi əsasında, bir partiya -Milliyun partiyası- İranın bütün mühafizəkar qüvvələrini öz ətrafında birləşdirməli, digər partiya isə -Mərdum- sosyal reformlar proqramı adı altında əvvəlki oposisiyonun bütün loyal qüvvələrinin cəmindən ibarət olmalı idi. Hər iki partiya 1960-ci ilin avqustunda 20-ci məclisə seçgilərdə mübarizə aparmalı idi. (99)
136 nümayəndədən 80 nəfərinin “Milliyun” və yaxud “Mərdum” partıyalarına qoşulmalarına baxmayaraq, namizədlik siyahılarına onlardan ancaq az bir qisminin adı düşdü. Bütün oyunun məğzi parlamentə loyal və reforma tərəfdarı olan nümayəmdələrin gətirilməsi idi. Hər iki partiyanın namizədlər siyahısına düşə bilməyən keçmiş nümayəndələri, buna “Müstəqillər” kimi öz namizədliyini irəli sürməklə cavab verdilər və beləliklə, onlar yenə də seçkilərə adəti üzrə, xüsusilə kəndlərdə, təsir göstərmək və istədiklərini əldə etmək imkanına malik oldular.
Şah tərəfindən seçkilərin əvvəlki kələk təcrübəsindən əhəmiyyətli dərəcədə fərqli “azad seçkilər” elan edilməsinə baxmayaraq, “Milliyun” partiyasının rəhbəri İqbal öz partiyasının müvəffəqiyyət qazanmasını təmin etmək üçün”Müstəqillərə” mane olmağa və seçkilərə təsir etmək və seçkilərin nəticələrini saxtalaşdırmaq metodlarına əl atmağa başladı.
Onun bu hərəkəti nəinki haqqında söhbət gedən “Müstəqillərin” və yeni fəaliyyət üçün dirçəlməkdə olan “Milli cəbhənin”, həmçinin “Mərdum” partiyasının da etirazını doğurdu. Seçkilər etibarsız hesab edilməli idi. “Milli cəbhə” yenidən üzə çıxdı. “Milli cəbhə” bütün narazı olanların, xüsusilə, Tehranda nümayişlər keçirən tələbə və müəllimlərin yığıncaq yerinə çevrildi. Buda qanlı toqquşmalara səbəb oldu və hökümət “Milli cəbhəyə” qarşı yenidən həbslər keçirməyə başladı. (100)
1961-ci Yanvar/Fevrialında 20-ci məclisə keçirilən növbəti seçgilər zamanı da pozuntular var idi, yəni hər iki partiya “Milliyun” və “Mərdum” yenə də qadağan olunmuş üsullardan istifadə etmişdir. Buna cavab olaraq seçgilərdən sonra onun tənqidə məruz qalması, siyasi və sosyal münasibətlərin ümumi tənqidi ilə yenə də vəhdət təşkil etdi. Bu narazılıq 1961-ci ilin Aprelində müəllimlərin Tehranda keçirdikləri nümayişdə ən yüksək nöqtəsinə çatdı.
Baş tutmayan bu cəhdə şah iri mülkədarların parlamentdəki ağalığına son qoymaq üçün loyal ikipartiyalı sistem yaratmaqla və qarşısında reforma tədbirləri həyata keçirmək məsuliyyəti qoyulmuş Əmini kabinetini təyin etməklə cavab verdi. 6.5.61 də parlamentin iki evini buraxdı. Şah parlamentin buraxılmasını əsaslandırarkən iki nöqteyi-nəzərdən çıxış edirdi. Parlamentin buraxmasını bir tərəfdən ictimai fikir nəzərə alması, digər tərəfdən isə reforma tədbirlərin keçirilməsinin vacibliyi ilə izah edirdi. (101)
1963-cü ilin əvvəllərində yeni hökümət şahın “Ağ İnqilab” adı altında tanınan reforma proqramını açıqladı. Bu proqram əsasən aşağıdakı müddəaları əhatə edirdi,
1- torpaq reforması
2- meşə təsərrüfatının milliləşdirilməsi
3- dövlət müəssisələrinin xüsusi mülkiyyətə verilməsi
4- fəhlələrin gəlirdə şərikliyi
5- seçgi qanunun dəyişdirilməsi, yəni Qadınlara da seçgi hüququnun verilməsi
6- ölkədə savadsızlığın ləğv edilməsi üçün “biliklilər ordusunun” (sepahe daneş) yaradılması
7- “inkişaf və quruculuq ordusunun” (sepahe tərvic və abadani) yaranması
8- kəndlərdə tibbi təminat üçün “sağlamlıq ordusunun” (sepahe behdaşt)yaranması
9- kəndlərdə Münsiflər məhkəməsinin təşkili
10- su ehtiyatlarının milliləşdirilməsi
11- həyat səviyyəsin yüksılişi üçün proqram
12- inzibatı idarə və tərbiyə sistemində reforma (102)
(nəzəri baxımdan “Ağ İnqilab” inkişaf etməkdə olan İran kimi ölkədə, mütərəqqi sosyal-ictimai reforma kimi dəyərlənirdi. Bununla belə“Ağ inqilab” pratik mərhələdə uğursuz qalıb, ölkənin daha çox sosyal-iqtisadi bohrana düçar olmasına səbəb olmuşdur. “Ağ inqilab”–in uğursuz qaldığına səbəb olan faktorlar gələcək məqalələrdə təhlil olacq).
Aydındır ki, “Ağ İnqilabın” ən başlıca müddəası torpaq reformasıdır. 1961-ci ilin yanvarında şahın verdiyi fərmana əsasən 1962-ci ilə qədər şahlıq torpaqlarından 571 kənd əhatə edən əkin sahələri 42-min kəndliyə satıldı.
Aqrar reforması haqqında 1962-ci ilin yanvarında qəbul edilmiş digər qərarda, iri mülkədarların bir kəndə və ya çoxlu torpaq sahələrinə sahiblik hüququ təsbit edildi.
1963-cü ilin yanvarında bu qanuna əlavədə hökümət qərara aldı ki, bir mülkədar 500ha artıq sahəyə malik ola bilməz. Bu qanun şahın “Ağ İnqilabının” əsasını təşkil edirdi. Bu qanuna uyğun olaraq, iri mülkədarlardan alınmış torpaq sahələri kəndlilərə satılırdı və bu zaman kəndlilərə 15 il müddətinə kredit verilirdi. Bu müddət ərzində kəndli hər il illik gəlirdən eyni məbləğ miqdarında, aldığı torpağın dəyərini ödəməli idi. (103)
2 il parlamentsiz hakimiyyətdən sonra, 1963-cü ilin payızında, şah parlamentarizmə qayıtmağı qərara aldı. Ancaq yenə də keçmiş səviyyədə olan nümayəndələrlə ziddiyyətə girməmək üçün, iran əhalısının bərabər təmsil edilməsi məqsədilə “azad kişi və qadınlar konqresi” çağırıldı. Rəsmi olaraq müxtəlif peşə və maraq qruplarını təmsil etdirən, özünü “Milli ittifaq” (İttihadə Milli) kimi qələmə verən bu konqres, əslində hökümət tərəfindən idarə edilirdi.
O, bir komisiya təsis etdi və bu komisiya öz növbəsində 230 namizədin siyahısını tərtib etdi. Burada yüksək məmurlar, həkimlər, universitet profosorları, mülkədarlar, sənətkarlar, fəhlələr və kəndlilər təmsil edilmişdi. Bura 6 nəfər qadın da daxil idi.
Yeni parlament 17.9.63-cü ildə seçildi. Öz tərkibinə görə o, əvvəlki sələflərindən açıq-aşkar surətdə fərqlənirdi. Numayəndələrin tərkibi ictimai mənşə etibarı ilə aşağadakı kimi idi:
Məmurlar -69%, kəndlilər və mülkədarlar-11%, din xadimləri, azad sənət sahibləri -10%, tacirlər və sənətkarlar -4,5% , fəhlələr və qadınlar -5,5% ; halbuki 19-cü və 20-ci parlamentdə iri mülkədarlar yerlərin 60%-ni tuturdular. (104)
Ümümiyyətlə demək olar ki, 1963-cü ilin payızında yeni parlamentin yaradılması ilə, degərləri ilə yanaşı aşağadakı dəyişiklər həyata keçmişdir:
-parlamentdə və siyasi həyatda iri mülkədarların ağalığına son qoyuldu.
-Aqrar reformasından və ölkənin inzibatı qaydada möhkəmləndirilməsindən sonra tayfalar
heç bir regional nüfuza malik olmadılar.
-reforma proqramına uyğun olaraq ölkənin dünyəviləşməsi (sekularizmləşmi) nəticəsində
din xadimləri öz siyasi nüfuzunu itirir.
-qadınların aktiv və passiv seçgi hüququ oldu.
-şahın reforma proqramına cavabdeh olması sayəsində daxili, iqtisadi və sosyal siyasətdə toxunulmaz məhdudiyyət qoyuldu. (105)
Demək olar ki, “Ağ İnqilab”-dan sonra İran parlamentinə münasibətdə elə bir əhəmiyyətli dəyişiklik olmamışdır. Beləliklə də, parlamentarizmin tarixi inkişafı haqqındaki hissəni bununla bitirmək olar.
Partiya işi
Yuxarıda qeyd oldu ki, İranda partiyalar seçgi baxımından heç bir məna kəsb etməmişdir. Buna baxmayaraq, iran parlamentarizmi mövcud olandan bəri, parlamentin özündə və yaxud parlament xaricində parlamentə və hökumətə müxalifət partiyalar olmuşdur. Iranda partiya işi əsrin sonunda meydana çıxan Məşrutə hərəkatı ilə əlaqədar yaranmışdır: (106) Bu zaman
məşrutəçilər monarşistlərə qarşı çıxış edirdilər və 1906-cı ildə monarşıyadan konstitusiya əldə etməyə nail oldular. Bunun ardınca təşkil edilmiş parlamentdə, məşrutəçilər əksəriyyət təşkil edirdilər. 1911-12-ci illərdə Rus müdaxiləsinin təsiri nəticəsində onlar Mülayimlərə (Etidaliyun/ böyük din xadimləri və mülkədarlardan ibarət olan) və İnqilabçılara (Demokratlar) parçalandılar. Demokratların görkəmli rəhbərlərinin mühacirətdə yaşamasına baxmayaraq, birinci dünya müharibəsi başlanmamışdan əvvəl, onlar öz əncümənlərində, antiingilis və ilk növbədə antirus ruhlu iranlıların daim artan bir sayını birləşdirirdilər. Xarici siyasətə belə istiqamətlənmək, birinci dünya müharibəsi başladıqdan sonra onları mərkəzi Avropa dövlətlərinin tərəfinə gətirib çıxardı. Müharibədə baş verən hadisələrin təsiri altında “Etidaliyyun” yenidən “Demokratlara” qoşuldular.
Mərkəzi Avropa dövlətlərinin məğlubiyyəti və bunun ardınca İngiltərənin İrandakı böyük nüfuzu, partiyaların fəaliyyətini demək olar ki, iflic vəziyyətinə saldı və xüsusilə Demokratlar İngilislərin güclü təqiblərinə məruz qaldılar. (107)
Reza xanın hakimiyyəti ələ keçirdiyi illərdə /1921-1925/ 4 Partiya yarandı. Yeni İran (irane nov), Gənc İran (irane Cəvan), Tərəqqi və Təcəddüd (yeniləşdirmə). Bunlardan ilk iki partiya özünü monarşiya reforma partiyası hesab edirdi və son iki partiya isə özünü respublika tərəfdarı elan etmişdir. 20-ci illərin birinci yarısında bütün dörd partiya siyasi səhnədən itdilər. Burada Reza xanın yüksələn nüfuzu və siyasət meydanının getdikcə daralması əhəmiyyətli rol oynamışdır. (Reza xanın partiyalar haqqında məruf cümlələrindən birisi budur: “İranın Reza Şahı var, partiyalara ehtiyacı yoxdur”) Qiyame İran qəzeti, 15 Mart 1990. Bu dövr ərzində müxalifət əsasən din xadimləri vasitəsilə icra olurdu. Onlar özlərinin siyasi və mənəvi hakimiyyətini azaltmağa yönəldilmiş sekularisti reforma tədbirlərinə etiraz edir, ancaq partiya quruluşuna malik deyildilər.
1920-ci ildə yaradılmış “İran kommonist partiyasi” da Reza şahın müntəzəm təqib və təzyiq siyasətinə məruz qaldığı üçün nəhayət mühacirət etməyə məcbur qaldı. (108)
Milli Cəbhə
Reza şah 1941-ci ilin Avqustunda taxt-tacdan istefa verdikdən sonra, partiyaların azad fəaliyyət dövrü başlayır. 1946-ci ildə Azərbaycan və Kürdustan milli hökumətlərin çevrilişindən sonra, siyasi qüvvələrin azad fəaliyyəti getdikcə məhdudlaşır. 1949-cu ilin Fevrialında Məhəmməd Reza şaha edilən sui-qəsd nəticəsində 1941-ci ildə yaradılmış Tudə partıyası qadağan elan edilir. (109) 1953-cü ildə Müsəddiq hökumətinin çevrilişi ilə bütün siyasi partiyalar qadağnlasır.
Bu dövrdə siyasətin müəyyənləşdirilməsində 1949-cu ilin axırında Müsəddiq rəhbərliyi altında yaradılmış “İran milli cəbhəsi” (Cibhəyə milli iran) mühüm rol oynamışdır. Artıq qeyd etdiyimiz kimi, “Milli cəbhə” bir çox partıyaların, siyasi qrup və ayrı-ayrı şəxsiyyətlərin birləşməsi idi. Belə partiyalara 1944-cü ildə Allahyar Salehinin rəhbərliyi altında yaradılmış “İran Patiyası” (Hizbe İran), 1951-ci ildə doktor Müzəffər Baqir və Xəlil Məlikinin yaratdığı “Hizbe Zəhmətkeşane milləte İran” (İran Zəhmətkeşlər patiyasi), sonralar Xəlil Məlikinin rəhbərliyi altında “Zəhmətkeşlər partiyasindan” ayrılmış “Niruye sevvum” (Üçüncü qüvvə)və Fars ultra millətçi partiya “Hizbe Pan-İran” (Pan- İran partiyasi), “İstiqlal partiyasi”, “Xalq partiyasi” və “İran azadlıq hərəkatı” kimi ifrat kənar qruplar aid idi. Müsəddiq, Fatimi və seyyed Abdulqasemi kaşani ilə yanaşı digər görkəmli şəxsiyyətlər də var idi. Kəçmişdə İranda din xadimlərindən biri olan Seyyed Abdulqasem Kaşani onunla sıx bağlı “İslam din fədailərini” (Fədaiyanə islam) milli cəbhəyə birləşdirdi.
Milli cəbhənin tərkibi din adət-ənənə tərəfdarlarından, şəhər ziyalılarından, bir neçə tayfa başçılarından, mülkədarlardan və şəhər alverçilərindən ibarət idi. Onlar milli kapitalizm sistemin tərəfdari, möhkəm irançılıq və fars nasyonalizm şüuruna malik idilər: bu ilk növbədə İranda İngilis mövqeyinə qarşı yönəlmişdi və bu baxımdan onlar iranda Sovet İttifaqına və onun tərəfdarları üçün qismən mülayim şərait yaratmağa hazır idilər. Buna Pəhləvi sarayına və onunla yaxın olan ənənəvi rəhbər təbəqəyə olan nifrət, bu və ya digər dərəcədə “kömək” edirdi.
1951-ci ilin aprilində hökumətə rəhbərlik edən Müsəddiq, artıq yuxarıda qeyd etdiyimiz kimi, mülayim aqrar reforma siyasəti ilə yanaşı, monarşıyanı imkan daxilində tamamilə aradan qaldırmaq məqsədini güdürdü. Son nəticədə Müsəddiq Kaşani və Baqai kimi digər milli cəbhə üzvlərinin müəyyən güzəştə getməyə razılaşmalarından, daha güclü şəkildə sollara söykənməyə məcbur oldu.
Yuxarıda qeyd etdiyimiz kimi, onun bazasının zəiflənəsi ölkədə böhran yaratdı və 19 Avqust 1953-cü ildə onun süqutu ilə nəticələndi.
Milli cəbhə qadağan edildi. (110)
Ikipartiyali sistem
Şahın nüfuzunun getdikcə artması nəticəsində 1953-cü ildən sonra partiyaların fəaliyyəti yenidən tamamilə dayandırıldı. Yalnız “Milli cəbhə” ilə bağlı partiyaların bəzi kiçik qrupları məhdud dairədə və gizli şəkildə öz fəaliyyətini davam etdirirdi. Yuxarıda qeyd etdiyimiz kimi, şah öz reforma proqramını/Ağ İnqilab/ həyata keçirmək üçün, 1957-ci ildə partiyaların fəaliyyətini canlandırmağı qərara aldı: belə partiyaların təşəbbüsçüsü özü oldu və bu partiyaların üzvləri, əsasən iri mülkədarların mühafizəkar qüvvələrinin parlamentdə ağalığına son qoymaqda loyal mövqe tutdular.
Şahin təşəbbüsü ilə yaradılmış “Milliyun” və “Mərdum” partiyaları 1960-ci ilin Avqustunda 20-ci parlamentə seçgilərdə mübarizə aparmalı idi. Ancaq seçgilərdə yol verilən saxtakarlığa görə seçgilər etibarsız elan edildi. Şah iri mülkədarların parlamentdə ağalığına son qoymaq məqsədi ilə ikiparftiyalı loyal sistem yaratmaq uğrunda atdığı addımın uğursuzluğuna cavab olaraq, parlamentin hər iki palatasını (evini) buraxdı. Ancaq şah özünün ikipartiyalı sistem yaratmaq fikrindən əl çəkmədi. Artıq 1963-cü ilin desambrinda şahin təşəbbüsü ilə “İran Nevin” (Yeni İran) partiyası yaradıldı, bu partiya sonrakı ilin mars ayında Həsən Əli Mənsur başda olmaqla 90 nümayəndə ilə hökumətə rəhbərlik etdi. 1960-ci ilin seçgilərində məğlubiyyətdən sonra “Milliyun” partiyasi kimi passiv gözləmə mövqeyi tutmuş “Mərdum” partiyası yenidən hərəkətə başladı və müxalifət rolunu oynadı. “Milliyyun” partiyası bunun əksinə olaraq, səhnədən çıxdı. “İran Nevin” partiyası onun yerini tutdu.
Iran Nevin patiyası bir tərəfdən şahın reforma tədbirlərini və digər tərəfdən geniş demokratikləşdirmə tədbirlərinin, məsələn: fikir azadlığı, həyata keçirməsinin qarşısına məqsəd qoydu. Bu yolla İran Nevin partiyası lap başlanğıcdan islahat meyilli, amma eyni zamanda şahın reforma proqramına tərəfdar “Mərdum” partiyasına yaxınlasdı. Və beləliklə, hər iki partiya arasındakı siyasi meydan əvvəllər “Milliyun” partiyası ilə nisbətdə daha da daraldı. “Mərdum” partiyasının bir çox tərəfdarı başa düşdülər ki, 1963-cü il seçgilərindən sonra “İran Nevin” partiyası parlamentdə möhkəmlənmişdir və o, nəinki hökuməti təşkil edir, hətta əsas vacib vəzifələri də bu partiyanın üzvləri tutur, buna görə də onlar öz şöhrətpərəstlik səbəblərindən “Mərdum” partıyasından “İran Nevin” partiyasına keçdilər. Bunun 1967-ci ilin Avqustunda keçirilən 22-ci parlamentə seçgilərə də təsiri oldu. Əgər 1961-ci il seçgilərində “Mərdum” partiyası “Milliyun” partiyasından azca geri qalırdısa/57 yer 64 yer/, 1967-ci ildə “İran Nevin” partiyasının qazandığı 180 yer müqabilində, cəmi 29 yer qazana bildi. 23-cü parlamentdə /09.07.1971/ nümayəndələrin sayının artırılmasına baxmayaraq, bu nisbət lap açınacaqlı idi. Həmin vaxtda seçilmiş 6-cı Senatın 30 Senatorundan 28-i “İran Nevin” partıyasından idi. Bu qeyri-mütənasiblik “İran Nevin” partıyasının dövlət partıyası səviyyəsinə qalxmasına şahın arzuladığı hökumət və loyal müxalifət oyununu həyata keçirilməsinə öz təsirini göstərdi.(111)
Vahid partiyası
2 Mars 1975-ci ildə Şah Tehranda mətbuat konfransında bütün mövcud partiyaların buraxıldığını elan etdi və yeni siyasi bir təşkilatın “Hizbe Rəstaxiz” (Dirçəliş partiyası) yaradılmasına göstəriş verdi: yeni partiya öz proqramında İran konstitusiyasını, Monarşıyanı və “Ağ İnqilabi” qəbul etməli idi. Vahid partiyaya üzv olmaqla əlaqədar şah 02.03.75-ci il mətbuat konfransında belə izah etdi: “hamı, qanunda nəzərdə tutulmuş seçgi yaşına çatmış hər bir kəs, elə indidən, sabahdan mütləq siyasi təşkilata daxil olmalıdır. Bu siyasi təşkilata daxil olmayan və mənim dediyim əsas müddəalara inanmayanlar üçün iki yol qalır: ya bu adam gizli bir təşkilatın tərəfdarıdır, bizim terminolojiyaya görə Tude-partiyasının…., əgər belə isə, bu adamın yeri İran həbsxanalarıdır, və yaxud əgər o istəyirsə, biz ona həvəslə elə günü sabah, hətta heç bir haqq almadan, pasport verməyə hazırıq: qoy o hara istəyir çıxsın getsin”.
Əgər 1975-ci ilə qədər İranda hökmran partiya ilə yanaşı heç olmazsa, formal müxalifət var idisə, 1975-ci ildən sonra, “Dirçəliş partiyası”ndan başqa heç bir partiyanın fəaliyyət göstərməsinə icazə verilməmişdir.
18 yaşından yuxarı hər bir İran vətəndaşı, əgər proqramdan qəti imtina etmirsə, avtomatik olaraq bu partiyanın üzvüdür. Parlamentdə əksər nümayəndələrin bu partiyanın üzvü olması da bunun nəticəsi idi. (112)
*Bu silsilə məqalələr keçmişdə Ərəb-Fars əlifbasında yayılıb. Bu əlifbanı bilməyən soydaşların istəyini nəzərdə alaraq, məqalələr latin əlifbasına keçirilib.
* Mənuçehr İqbal Baş nazir olduqdan sonra, parlamentdə nümayəndələr qarşısında belə deyir: “mən Əlahəzrət Humayun cənablarının köləsiyəm. Əqəliyyət və əksəriyyət oyununa da əhəmiyyət vermirəm. Əlahəzrət istədiyi vaxta qədər iş üstündə qalaram, yoxsa, işi buraxıb gedərəm.”
99 – Gehrke, Ulrich…. S.197-198
100- Tonkaboni, M,Reza…. S. 97
101- Gehrke, Ulrich…. S.198
102- Gehrke, ulrich…. S. 198
103- Cottam, Richard, ….S.306-309
104- Shajii, Zəhra, Nomayəndəqane məclese Şuraye-melli dər 21 dovreye qanunqozari, Tehran 1966
105- Keddie, N., The İranian power Structure and sosial Change, 1800-1969- an Overview in: International Journal of Middle Eastern Studies, 2/1 (1971), S. 3-20
106- “İran Sosyal demokrat”-firqəsi (ictimaiyune Ammiyun iran) ilk siyasi partiya olmuşdur. Bu partıya 1905-ci ildə Baki şəhrində Nəriman Nərimanovun rəhbərliyi və neft sənayesində işləyən Güney azərbaycanliların sıx əməkdaşlığı ilə yaranmış idi. Məşrutiyyət inqilabı ərəfəsində “ictimaiyune Ammiyun iran”, Təbriz şəhrində Əli Misyo, Hac Rəsul Sədəqiyanı, Hac Əli Davaçı, Mirzə Məhəmməd əli xan Tərbiyət, Mirzə Abul Hassən həkkak başı, Hac Əli nəqi Gənceyi, Yusuf Xəzduz, Mir əli Əkbər Sərracı, Hüsseyn ağa Fişəngçi və…. rəhbərliyi altında Mərkəzi Qeybi (gizli Əncumən) təşkil verib, Mücahidlər dəstəsi yaradmışlar. Onların “Mücahid” adında qəzeti olmuşdur. Təbriz şəhrindən əlavə Tehran və Rəşt şəhərlərində xüsusilə Heydər Xan Əmi oğlunun təşəbbüsü ilə Sosyal Demokratlar Əncümənləri yaranmışdır. Sosyal demokrtatlar 1904-cü ildə Baki şəhrində təşkil edilmiş “Hümmət” təşkilatının varisi sayılır.
107- Gehrke, Ulrich….. S.189
108- Nollau, Günther…. S.246
109- Reza Şah dövründə qadağan edilmiş İran Kommonist partiyasının keçmiş üzvləri 1941-ci ilin Septambrinda yeni bir partiya yaratdılar və onu “Tude Pratiyası” /kötlələrin partiyasi/ adlandırdılar. Kommonistlər bunu onunla izah edirdilər ki, İran kommonist partiyasinin qadağan edilməsi hələ qüvvədə olduğuna görə, onlar yeni partiyani Kommonist partiyası adlandıra bilməzlər. Bax: Elwell-Sutton, P., Political parties in Iran 1941-1948, in: Middle East Journal 3, no. 1, Januar 1949, S. 45-62
110- Landfried, Klaus, İran….. S. 269, Müsəddiq erası
111- Ule, Wolfgang, Entwicklung und gegenwärtiges Parteiwesen im Iran, in: V.J. Berichte der F. Ebertstiftung 31/1967, S. 43-68
112- Afkhami, Gholamreza, Social Mobilization and Participation in İran in: Jacqz, W, Jane, İran: Past, Present and Future, New Xork 1976, S. 238-240
Diqqət!
Iran parlamentarizminin ancaq xarici təşkilat quruluş forması qərbin demokratik nümünələr əsasında təşkil edilmişdir. Konstitusiya hakimiyyətin həqiqi bölgüsünün təşkilat prinsipi olmamışdır. Bu cəhətdən ancaq formal mövcud olan iran parlamentarizminin tekniki cəhətləri haqqında mübahisə etməyin böyük əhəmiyyəti yoxdur. Məşrutiyyət sistemi yarandığı gündən iran islam inqilabı dövrünə qədər iran parlamenti öz maraqlarını həyata keçirməyə çalışan Şah və hökmran yüksək təbəqənin əlində bir alət olmuşdur. Parlamentin hökumətə etimad göstərməməyə gücü yox idi. Təcrübədə də belə bir hal olmamışdır, əksinə, xoşa gəlməyən hökumət həmişə ancaq Şah tərəfindən dəyişdirilmişdir. Hökumətin parlament qarşısında məsuliyyət daşıması kimi düzəlişlər ancaq kağız üzərində mövcud olduğu üçün, yuxarıda deyildi kimi, mən belə prinsiplərin dərindən təhlil edilməsini lazım hesab etmirəm.
Gələcək bölümdə „İran parlamentarizminin məsələləri“ və „parlamentarizmin meydana gəlməsi yolu“ təhlil olcaq.
Erstelle deine eigene Website mit Webador