İranda Parlamentar sistemin məsələləri (5)*

 

İranda Parlamentar sistemin məsələləri (5)*

Januar 14, 2013 8:14 am

İranda Parlamentar sistemin məsələləri (5)*
Ikinci dünya müharibəsindən Müsəddiq dövrünədək
Ikinci dünya müharibəsi dövründə Kəngər körfəzi (xəlice ərəb) ilə Sovet İttifaqı arasında əlaqə yollarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə İran ölkəsi, İngilis, Amerika və Sovet ordusu tərəfindən işğal edilmişdi.
Müttəfiqlərin ordularının irana müdaxiləsi ilə iranın xarici ölkələrlə əlaqələrində yeni bir mərhələ başlandı. Amerikanın iranda nüfuzu bu dövrdən sonra getdikcə artmağa başladı. Iranda hadisələrin belə inkişafından çox da narazılıq edilmirdi. Çünkü Amerika hər iki dövlətə /İngiltərə və Sovet İttifaqına/qarşı əks qüvvə təşkil edirdi. Buna görə də iran höküməti amerikalı məsləhətçilər də dəvət etməyə çalışırdı. Amerikalı məsləhətçilərdən ibarət çoxlu belə heyətlər müharibə və qismən müharibədən sonrakı illərdə fəaliyyət göstərmişdir.(88)
Məsələn: 1942-ci ilin oktobrunda, amerikalı jenral Şvartskopf iran Jandarmasının yenidən qurulmasına başladı. Amerika xarici işlər nazirliyinin məsləhəti ilə 1943-cü ildə Milspanq iran maliyyə işlərinin baş administratoru təyin edildi. Ancaq o, 1945-ci ildə fəaliyyətini dayandırmalı oldu. Birləşmiş ştatların irana köməyinin daha bir səbəbi 1946-cı ildəki “Sovet İttifaqı- böhranı” adlanan hadisə oldu. 1945-ci ilin septambr ayında Londonda təşkil tapan konfransda, müttəfiqlərin xarici işlər nazirləri, müttəfiqlər ordularının 1946-cı ilin Martına qədər irandan çıxarmasını öhdələrinə götürmüşdü. Ancaq bir neçə gün bu konfransdan sonra, sovet işğalı altında olan Azərbaycan əyalətində, Mir Cəfər Pişəvərinin rəhbərliyi altında Azərbaycan demokrat firqəsi təsis oldu. Azərbaycan Demokrat Firqəsinin əsas hədəfi, Azərbaycan xalqının təyin müqəddərat hüququnun iran çərçivəsi daxilində həll edilməsi idi.(89)
Iran dövləti Novambr ayının 17-də sovet ittifaqının Azərbaycan demokrat firqəsindən himayət etməsi və iranın daxili işlərinə müdaxiləsi qarşısına , sovet səfirliyinə etiraz yaddaştı verdi. Amerika dövləti isə Novambr ayının 24-də Sovet hükümətinə yazdığı məktubda, sovet ordusunun iran ərazısını tərk etməsini istədi.
1945-ci ilin Desambr ayının 14-də Təbriz şəhrində Xudmuxtar azərbaycan milli höküməti elan oldu. Bunun ardınca, 15 Desambr 1945-ci idə Mahabad şəhrində Qazi Muhammədin rəhberliyi altında Xudmuxtar Kürdüstan cühmurusu yarandı.
Sovet ordusunun irandan çıxarılması haqqında Sovet İttifaqı ilə iran arasındakı danışıqlar nəticəsiz qaldı. Buna cavab olaraq, İran bu məsələni Təhlükəsizlik Şurası qarşısında qaldırmağa qərar verdi. Təhlükəsizlik Şurası 31 janvar 1946-cı ildə bu məsələyə baxdı və məsləhət gördü ki, bu məsələni aiddiyyatı olan dövlətlər öz aralarında birbaşa danışıqlarla həll etsinlər və danışıqların nəticəsi haqqında bu şurayə məlumat verilsin.
Təhlükəsizlik Şurasında bu məsələ haqqında ikinci fikir mübadiləsindən qabaq, İran Sovet İttifaqı ilə bir müqavilə bağladı. Bu müqaviləyə əsasən Sovet İttifaqı irandan bütünlüklə çıxmağa hazır olduğunu bildirdi və buna “Sovet-İran nəft şirkəti”-nin yaradılmasına təminat verilməsi şərtini əlavə etdi. Iran məsələsi Təhlükəsizlik Şurasının gündəliyindən çıxarıldı. 9 Mai 1946-cı ildə Sovet Ordusu iranı tərk etdi. Sovet ordusu irandan çıxarılandan sonra, Tehran hökümətin baş naziri Qəvamul-səltənə, öz siyasi müavini Müzəffər Firuzu bir heyətlə Təbriz şəhrinə göndərdi. Müzəffər Firuz 1946-ci ilin ijun ayının 14-də Pişəvəri ilə birlikdə 10 maddədən ibarət olan müqavilə imzaladı. Müqavilədə o cümlədən Azərbaycan əyalətinin iran çərçivəsində avtonomusu rəsmiyyətə tanıldı. Türk dili Azərbaycanda rəsmi dil kimi qəbul oldu. Azərbaycan milli məclisi, əyalət əncüməni kimi tanıldı. Azərbaycan valisinin (ustandarının) Azərbaycan əncüməni tərəfindən təklif olunması və mərkəzi dövlət tərəfindən mənsub olması qeyd oldu. Azərbaycan vilayətinin müstəqil ordu və maliyyə idarəsinə sahib olduğu qəbul oldu.(90)
Bu müqaviləyə rəğmən, Tehran höküməti Amerika və İngiltərə dövlətlərin razılığı ilə 1946-ci ilin Novambr ayının 24-də Azərbaycan əyalətinə hücum edib, oranı işğal altına aldı. Azərbaycan milli hükümətin süqutu ilə, minlərlə insan qətlə yetirildi və minlərlə də azərbaycanı tərk etməyə məcbur qaldı. Amerikalı vəkil William Douglas bu səhnələrə şahid olaraq yazdı “ …İran ordusu Azərbaycana gəlirkən, vəhşət yaratdı. Əsgərlər qətl-qarət edirdilər. Əlləri çatana və istədiklərinə sahib çıxırdılar. Işqalçı Rus əsgərlərin rəftarı, nəcat verən şah ordusu əsgərlərin vəhşi rəftarından qat-qat yaxşı idi. Bu rəftar Azərbaycanda fövqəladə çirkin xatirə buraxdı. Kəndlilərin var-yoxu, mal-qarası qarət edildi. Qadınlara və qızlara təcavüz olundu. Ordunun rəsaləti Azərbaycanı nəcat vermək idi. Lakin onlar camaatı qarət edib, ölüm və fəlakət ərməğan gətirdi”. (91)
Azərbaycan milli hökuməti bir illik ömründə çoxlu sosyal reformlar həyata keçirdi. Azərbaycan xalqının milli muxtariyyəti elan oldu. Azərbaycan türkcəsi Azərbaycanda rəsmi dil olub, tədris üsulu bu dildə getdi. Təbriz şəhrində universitet açıldı. Radio istasyonu, Filarmoni və teatr binası dair oldu. Qadınlar kişilərlə bərabər hüquqa malik oldu. Torpaq sahədə reformlar həyata keçib, yoxsul kəndlilər torpaq sahibi oldu. Xəstəxanalar açılıb, xiyabanlar isfalt oldu və…..
Azərbaycan milli hükumətin süqutundan sonra, 1946-cı ilin Desambr ayında şah ordusu Mahabad şəhrini işğal edib, Xudmuxtar Kürdüstan cümhurusunun ömrünə son qoyur.
Bu hadisələrdən sonra iran və Amerika dövləti bir-birilə əlaqələrin çoxalmasına səy göstərdilər. 1947-ci ildə Amerika dövləti, silah və döyüş sürsatı almaq üçün İrana çoxlu kredit verdi. Eyni zamanda Təhsil proqramı tətbiq edildi. 1 Mai 1948-ci ildə iran hava qüvvələrinin zabit və kiçik zabitlərdən ibarət ilk dəstəsi birləşmiş Ştatlarda xüsusi təhsil almaq məqsədilə ölkəni tərk etdi. 1949-cü ilin Oktobrunda Marşal-planından iranın da ixtiyarında vəsait verildi. Iranın qərbə qəti bağlanması onun 1955-ci ildə Bağdad blokuna, sonra CENTO paktına qoşulması ilə başa çatdı. (92)
İran bu yolla qərblə öz əlaqələrini möhkəmləşdiyi bir vaxtda, parlament 22 Oktobr 1947-ci ildə İran-Sovet nəft razılaşmasının ləğv edilməsi haqqında qərar qəbul etdi.
1949-cü ildə Moskov meyilli Tude partiyası qadağan edildi. 1931-ci ildə qadağan edilmiş İran Kommunist partıyasının davamçısı hesab edilən Tude partiyasının qadağan edilməsi ilə Sovet İttifaqı İranda nəinki özünün hərbi, həm də siyasi mövqelərini itirdi. (93)
Bu dövrdə İranın daxili siyasəti haqqında onu demək olar ki, 17 Septambr 1941-ci ildə Reza şahın istefasından sonra, parlamentə onun əvvəlki funksiyaları qaytarıldı. Onun oğlu Məhəmməd Reza şah, Anayasaya əməl etməyinə and içdi.
Müharibə qurtardıqdan az sonra, məclis nümayəndələrin iclaslarda tez-tez iştirak etməməsi nəticəsində parlamentin fəaliyyət imkanı məhdudlaşırdı. Nüməyəndələrin bir hissəsi bu yolla hökümətin işinə mane olurdu. Bu inkişafın arxasında iran siyasətində yeni bir element kimi, Sovet işğal məntəqəsində özünü hələ 1941-ci ildən göstərən kommunist hərəkatı dururdu, ki bunun da nümayəndələri parlamentin başı üzərindən nüfuz qazanmağa və ğərbə təmayüllü qüvvələrin imkanlarını məhdudlaşdırmağa cəhd edirdilər. Bu hərəkatı istiqamətləndirmək və qanunverici orqanın icraedici hakimiyyətə münasibətdə yaranmış üstünlüyü bərabərləşdirmək üçün şah və hükümət, anayasada nəzərdə tutulmuş, ancaq tətbiq edilməmiş Senat çağırmağı qərara aldı.
Birinci Senat 9 Februar 1950-ci ildə toplandı. Onun səlahiyyəti 6 il müddətinə müəyyən edildi. Senat sarayın maraqları ilə sıx bağlı idi. Çünkü 60 nəfər üzvün yarısını Şah özü təyin edirdi. Bundan başqa Şahlıq hakimiyyətini daha da gücləndirmək üçün, 8-mai 1949-cü ildə konstitusiya təsisat hüququna malik yığıncaq nəticəsində əsas qanuna əlavənin 48-ci maddəsi elə dəyişdirildi ki, parlament və Senatı ayrı-ayrılıqda və yaxud birlikdə buraxmaq Şah üçün tamamilə asanlaşdırıldı. (94)
Müsəddiq erası
Məhəmməd Reza şah, artıq qeyd edildiyi kimi, ikinci dünya müharibəsi qurtardıqdan sonra tamamilə Amerikanın və Qərbin tərəfində dururdu. Bilavasitə qonşu Sovet İttifaqı üçün təhlükəli olan bu qərar Amerikanın iqtisadi, texniki və hərbi köməyi sayəsində asanlaşırdı: 1968-ci ilə qədər bu kömək 22 Mil. Amerika dolları məbləğındə olmuşdu. 40-ci illərin sonunda bu köməyin İranın gözlədiyi həcmdə olmaması, 1951-53-cü illərdə Müsəddiq böhranını yaratmış və şahın mövqeyinin müvəqqəti zəifləməsi ilə yanaşı, həm də birtərəfli Amerika meyilli siyasətin sual altına alınmasına səbəb olmuşdur. (95)
Məhəmməd Müsəddiq 1876-1880-ci illər arasında İranın ən varlı bir mülkədar ailəsinin birində anadan olmuşdur. 20-ci ildə, o, Şah Reza Pəhləvi tərəfindən öz malikanələrinə sürgün edildi. 1939-cu ilə qədər o, mülklərini təxminən əvəzsiz kəndlilərinə payladı. Buna görə də iki il müddətinə həbs edildi və nəhayət, Əhmədabadda məcburi qalmağa məhkum edildi. Müsəddiq 1939-cu ilin Martında Tehrana nüməyəndə kimi qayıtdı. Müsəddiq gördü ki, nəqədərki “İngilis-İran nəft-şirkəti” (AİOC) mövcud olaraq qalır, İngilis və Rus işğal ordusu ölkədən çıxıb getsə də, milli müstəqillik məqsədi yerinə yetirilməmişdir. (96)
“Neqativ Tarazlıq” (Müvazineye mənfi), yə´ni heç kimə imtiyaz verməmək adı altında, Müsəddiq AİOC-nın milliləşdirilməsini tələb edirdi.
Belə bir şərtlə 1949-cu ilin sonunda Müsəddiqin başçılığı ilə bir çox partıyaların, siyasi qrupların və tək-tək şəxsiyyətlərin birliyi kimi “İran milli cəbhəsi” (Cibheye milli İran) formalaşdı.
1949-cu ildə Müsəddiq parlamentdə fövqəladə neft komisionun sədri kimi, demək olar ki, artıq hökümət tərəfindən AİOC ilə bağlanmış yeni müqavilənin ləğv edilməsinə nail oldu. Eyni bir vaxtda Müsəddiq, məclis vasitəsilə İranda neft sənayesinin milliləşdirilməsi haqqında qanun layehəsinin də qəbul edilməsinə nail oldu.
Həmin ilin aprilində Müsəddiq baş nazir olandan sonra bu qanun qüvvəyə mindi.
1951-ci ilin aprilindən başlayaraq Müsəddiq daxili siyasət sahəsində Şahı konstitusiya çərçivəsində hərəkət etməyə (Şah gərək səltənət etsin, hökümət etməsin) məcbur etmək məqsədi güdürdü. Neft siyasətində olduğu kimi bu dəfə də o, imkanlarını həddən artıq qiymətləndirdi.
Müsəddiq Parlamentdə İngilis ölkəsinə təmayüllü və şaha arxa olan qüvvələrin gücünü məhdudlaşdırmaq üçün, parlamentin ləğv edilməsini tələb etdi. Öz mövqeyinin zəifləməsini görən Şah, Müsəddiq hökümətini aradan qaldırmaq siyasətinə əl atdı. Əsas qanunun zidd olaraq, Müsəddiq işdən bərkənar edilib yerinə Jeneral Zahidi mənsub oldu. 16 Avqust 1953-cu ildə şah uğursuz qalan bir çevriliş nəticəsində İranı tərk etməyə və Rom şəhrinə getməyə məcbur qaldı. Milli cəbhə tərkibində olan ziddiyyətlər və həmçinin İngiltərə və Amerika dövlətlərin güclü dərəcədə müdaxiləsi nəticəsində, ölkədə böhranlı bir vəziyyət yarandı. 19 Avqust 1953-cü ildə, CİA –nın köməyi ilə dövlət çevrilişi baş verdi (97). Şah İrana qayıdandan sonra, “Milli cəbhə” qadağan olundu. Müsəddiq də daxil olmaqla onun bir neçə üzvü məhkəməyə verildi. Müsəddiq dövlətinin xarici işlər naziri Hüsseyn Fatimi ölüm cəzasına məhkum olub, güllələndi. Müsəddiq 3 il həbs cəzasına məhkum edildi və 1956-ci ildə Əhmədabadda öz mülkündə məcburi yaşamaq şərtilə azad edildi. 1967-ci il 5 Martda o, orada vəfat etdi. (98)
*Bu silsilə məqalələr keçmişdə Ərəb-Fars əlifbasında yayılıb. Bu əlifbanı bilməyən soydaşların istəyini nəzərdə alaraq, məqalələr latin əlifbasına keçirilib.
88- Ramazanı, Rouhollah, İran,s foreign Policy 1941-1973, Charlottesville 1975, Kapitel: Reaching for the Unites States.
89- Bu haqda Azərbaycan demokrat firqəsinin müraciətnaməsində deyilir: “biz deyirik ki, Azərbaycan torpağında 5 milyonluq bir xalq yaşayır. Onlar özlərinin kəmiyyətlərin tanımışlar. Özlərinə məxsus dilləri, ayrı bir adət və rüsumları vardır. Bu xalq deyir ki, biz istəyirik iranın istiqlalını və ərazı bütövlüyünü hifz etməklə bərabər, öz daxili işlərimizi idarə etməkdə muxtar və azad olaq…” . Bu istək, “İran əsas qanuna əlavənin” 90-93-cü məddələrinə (əyalət və vilayət əncümənləri) əsaslanırdı.
90 – Abdulreza Huşənge Məhdəvi, Tarixe rəvabete xarici İran, Tehran, 2535 şahənşahi, S.424
91- Qozəşte çerağe rahe ayəndə əst…. S. 42o
92- Steppart, Fritz, İran zwischen den Weltmächten 1941-1948 in : Europa-Archiv 1948, S. 27-30
93- Cottam, Richard…… S. 196-199
94- Gehrke, Ulrich, …. S.184-185
95- Landfried, Klaus, Iran: in : Nohlen, Dieter und Nuscheler, Franz, Handbuch der Dritten Welt 4, Unterentwicklung und Entwicklung in Asien, Hamburg 1978, S. 267
96- İngilis-İran neft şirkəti (AİOC) 1909-cu ildə təşkil edilmişdi. 1 April 1951-ci ildə nəft sənayəsinin milliləşdirilməsi haqqında qanunu qüvvəyə minməsi ilə əlaqədar sonrakı aylarda neft şirkətinin bütün avadanlığı milliləşdirildi. 19 Avqust 1953-cü ildə Müsəddiqin süqutundan sonra „Mültimilli neft konsortsiyumu“ (MEK) yaradıldı, bu da AİOC-nu əvəz etdi. MEK 1954-cü ilin Aprilində 5 Amerikan neft şirkətindən /payı 40% /, bir İngilis /payı 40% /, bir İngils-Holland (Dutsch/Shell) /payı 14% / və bir Fransız nəft şirkətindən /payı 6% /təsis edildi.
1955-ci ildə daha 9 amerikan neft şirkəti „İricon Group of Companies“ birləşdilər və konsertsiumda Birləşmiş statların payının 5% -ni aldı. MEK ilə yanaşı Müsəddiqin dövründə yaradılmış „İran milli neft şirkəti“ (NİOC) mövcud idi. 21 Oktobr 1954-cü ildə parlament MEK ilə müqaviləni təsdiq etdi: müqaviləyə əsasən gəlirdən İrana 50% gəlir vergisi və xammal şəklində ixrac edilən hər barrel nəftin qiymətinin 12,5%-i miqdarında istehsal vergisi verilməli idi. Bax: Tonkaboni, M.Reza….. S. 93 və Ramazani, Rouhollah…. S. 266-268
97-New York Times, Nr. 21, Mai 1961. Çevriliş “Ajax operation” adı ilə baş verdi.
98- Avery, Peter, Modern İran, London 1965, S. 418-439
“Ağ İnqilab” və Partıya işinin başlancığı” gələcək bölümdə veriləcək.

 

Erstelle deine eigene Website mit Webador