Iranda Parlamentar sistemin məsələləri (7)*

Januar 14, 2013 8:24 am

 

İranda Parlamentar sistemin məsələləri (7)*
 Islam inqilabına qədər Parlamentar sistemin məsələləri
Qeyd etdik ki, dövlət hüququ baxımdan, İran 1906-cı ildən 1979-cu ilə qədər parlamentar bazisli konstitusiyalı monarşiya idi. Onun əsasını 1906-cı il İran Anayasası və 1907-ci il “əsas qanuna əlavə”si təşkil edirdi.
Qərbin demokratik konstitusiyaları, xüsusilə 1831-ci il Belcika anayasası əsasında hazırlanmış İran konstitusiyası, hakimiyyətin bölünməsi prinsipi əsasında təşkil edilmişdir. Bu o deməkdir ki, şahin 1906-cı ildən əvvəlki mütləq hakimiyyəti parlamentin mövcud olması nəticəsində məhdudlaşdırılmışdır. Şah bundan sonra parlament qarşısında məsuliyyət daşıyan Nazirlər vasitəsi ilə səltənət etməli idi. İran konstitusiyası digər hüquqlarla yanaşı əhaliyə aşağadakı hüquqları verirdi:
-qanun qarşısında bərabərlik
-mətbuat azadlığı
-fikir və yığıncaq azadlığı
Bütün bunlar “Magna Charta” ənənələrindən, 1799-cu il İnsan hüquqları bəyannaməsindən və 1831-ci il Belcika konstitusiyasının əsas hüquqlar kataloqundan götürülmüşdür. Parlamentin daxili quruluşu ilə əlaqədar onu demək olar ki, qərb parlamentar sistemin demokratik teknik üsullar nümunələrinə əsaslanirdi.
Qərb ölkələrində parlamentarizm əsaslı demokratik dövlətlərin əmələ gəlməsi uzunmüddətli sosyal-iqtisadi və mədəni inkişafın nəticəsində mümkün olmuşdur. Bu, konkret olaraq, o deməkdir ki, Burjuazının feodalizm üzərindəki qələbəsi elə bir siyasi nəzəriyyənin həyata keçirilməsi ilə bağlıdır ki, bu siyasət “qanunun üstünlüyündən çıxış edir və icraedici hakimiyyəti nümayəndələr çoxluğunun qərarlaşdırdığı ümumi normalarla məhdudlaşdırmağa can atırdı”. (1)
Sənaye inqilabı dövründə bu siyasi quruluş dirçəlməkdə olan burjuvazı üçün ən əlverişlisi oldu. Çünkü ictimai əlaqələrin bu yeni quruluşu və habelə bundan belə cəmiyyətdə individiumun (fərdin)müqavilə və peşə azadlığı əsasında yaradılmış Burjua demokratiyası, burjuaziya üçün öz müqəddəratını təyin etmə siyasətinə əsaslanaraq dövləti idarə etməyin müvafiq üsulu idi. Bu dövrdə yalnız sənaye burjuvazisi parlament nümayəndəliyinə daxil edilmişdi, aşağa və orta təbəqələr, fəhlələr siyasətdən kənar edilmişdir. (2)
Burjuvazının hökmran liberal nəzəriyyəsi (Liberalizm) bundan çıxış edirdi ki, ümumi rifah parlamentdə qüvvələrin səmərəli müzakirə və mübahisələrin nəticəsi kimi meydana gələcəkdir. (3)
Bu nəzəriyyə lap əvvəldən aydın olduğu kimi, o vaxta qədər parlamentdə hökmran siyasi ideoloju qala bilirdi ki, burjuvazıya yeqanə bir təbəqə kimi, təhsil və var-dövlətindən istifadə edərək, hakimiyyəti əldə saxlıya bilsin.
Sənaye dövlətinin sonrakı inkişafı, sinif və qrup ziddiyyətlərinin kəskinləşməsi nəticəsində, bu nəzəriyyənin hökmran olaraq qalması getdikcə çətinləşirdi və geniş xalq kütlələrini, güclü partiyaları, hər şeydən qabaq sosyalist partiyaları, parlamentarizmdən uzaqlaşdırırdı.
Ümumi seçgi hüququnun tətbiq edilməsi liberal partiyaların parlamentdə ağalığına nəhayət son qoydu və parlament getdikcə bütün əhalının nümayəndəliyinə çevrilirdi. (4)
Demək olar ki, İranın nümunə kimi götürdüyü parlamentarizm forması qərb ölkələrində iqtisadi və sosyal inkişafın mütərəqqi mərhələsində meydana gəlmişdir.
Məsələn: həyat səviyyəsi və savadlılıq dərəcəsi nə qədər yüksək olsa, ümumi seçgi hüququnun tətbiqi bir o qədər kəsərli olardı. (5)
1906-cı ildə parlamentarizm əsasında konstitusialı monarşı tətbiq edildikdə, bu şərtlər İranda hələ yenidən əmələ gəlirdi. Bu dövrdə İngiltərə və Rusiyanın nüfuzü altında köhnə feodal ictimai quruluşun tədricən dəyişməsi özünü göstərirdi və bununla əlaqədar müxtəlif təbəqələrin ictimai quruluş haqqındakı təsəvvürləri də dəyişirdi. Bu hal 20-ci əsrin başlanğıcında ənənəvi mühafizəkar, hökmran qüvvələrlə, ölkənin müasirləşdirilməsinə çalışan qüvvələr arasında ziddiyyətlər yaratdı.
Mütləq rejimə qarşı hərəkatın vacib səbəblərindən biri də, o dövrdə irançılıq ideolojusu əsasında, milli şüurun oyanması idi: Milli hərəkat İngiltərə və Rusiyanın güclü nüfuzundan xilas olmağı qarşısına məqsəd qoymuşdu. Beləliklə, yuxarıda qeyd etdiyimiz kimi, İranın daxili və xarici vəziyyətinin tənqidindən məşrutiyyət hərəkatı yarandı: bu hərəkət liberal, milli və dini qüvvələri özündə birləşdirirdi və monarşiyanı konstitusiyaya üyğun məhdudlaşdırmaqla milli müstəqilliyin əldə edilməsinə və zülmkar özbaşınalığa son qoyulmasına ümid edirdi. Beləliklə demək olar ki, 1906-cı il inqilabı əvvəlcədən hazırlanmış üsyan deyildi, əksinə, bu xalqın müxtəlif təbəqələrinin uzun müddət üst-üstə yığılmış narazılıqlarının elementar püskürməsi idi. Ona ümumi rəhbərlik yox idi. Müxtəlif inqilabı qruplar- liberallar, milliyətçilər, din tərəfdarları- bir-birilə rəqabət aparırdı. Din xadimlərdən bəziləri hətta məşrutiyyət sistemin “məşruiyyət” sistemlə əvəz edilməsi tərəfdarı idi.
Qeyd etmək lazımdır ki, təxminən 1900-cu ildən üsyan etməyə istiqamətləndirilmiş bəzi hazırlıqlar ancaq mühacirətdə yaşayan və xaricdə fəaliyyət göstərən yazıçı və jurnalistlərin tərəfindən olmuşdur. Bu ziyalıların məqsədi konstitusiyalı monarşı yaratmaq idi. Bunlar hətta bəzi cəmiyyətlərin yaranmasına da müvəffəq olmuşlar. Bununla belə, bu sözün əsl mənasında partiya deyildi. Müxtəlif cərayanların birləşmışi olaraq, nə tərkibkinə görə yekcins idi və nə də təşkilat quruluşu var idi. Konstitusiyalı monarşı sistemi təbliğ etmək imkanı da yox idi, çünkü mətbuat vasitələri yox idi və ya çox cüzi idi, həm də əhalının 90% savadsız idi.
Demək olar ki,yaratmaq istədikləri konstitusiyalı monarşı sistemi və həmçinin Demokratik konstitusianın nədən ibarət olması haqqında əhalının heç bir dəqiq təsəvvürü yox idi. Ağır sosyal vəziyyət və əyalətlərdə valilərin özbaşına istibdad hökmranlığı, yuxarıda qeyd etdiyimiz kimi, əhalının böyük hissəsinin məşrutə inqilabında iştirakının yeganə səbəbi olmuşdur. Praktik olaraq, konstitusiya yuxarıdan həyata keçirildi və Anayasada təmin edilmiş hüquqların həyata keçirilməsi üçün də xalqın mübarizəsi çatışmadı.
Nəhayət məşrutiyyət inqilabı sona yetdikdən sonra və yeni konstitusiya özünü işdə göstərməli olduqda, məlum oldu ki, münasibətlər getdikcə Taxt-Tacın və iri mülkədarlardan, yüksək din xadimlərindən və iri tacirlərdən ibarət hökmran təbəqələrin xeyrinə inkişaf edir və onlar əhalinin qalan hissəsinin marağını müdafiə etmək istəmir. Yalnız və yalnız demokratik elementlər, Məşrutiyyət və“Anayasa” adı altında əhalının rifahının yaxşılaşdırılmasını mümkün edə bilən ictimai quruluş başa düşürdülər.
Iran parlamentarizminin sonrakı inkişafında da anayasanın nəzəriyyəsi və onun gərçəkliyi bir-birindən tamamilə təcrid edilmişdi və konstitusiyadan kiçik hakim bir təbəqənin imtiyazlarının təsdiqi məqsədilə istifadə edilirdi.
Anayasadan gözlənilən ümidlərin doğrulmaması onun məzmunun nəticəsi deyildi, buna konstitusiyanın ardıcıl və dönmədən təcrübədə tətbiq edilməsini namümkün edən, konstitusiyanın bəzən bütöv bölmələrinin faktik olaraq saymamağı adətə çevrilməyə imkan yaradan siyası, iqtisadi və sosyal münasibətlər səbəb olmuşdur.
Iranda islam inqilabına qədər konstitusiya norması və konstitusiya gərçəkliyi arasında mövcud olan ziddiyyətlərin ayrı-ayrı səbəblərini aşağada daha yaxından təhlil edəcəyik.
Parlamentarizmin meydana gəlməsi yolu
Iran parlamentarizminin meydana gəlməsi şərtləri, parlamentarizm sistemində fasilələrin yaranmasında və ona zərər vurulmasında həlledici rol oynamışdır.
Avropa ölkələrində məqsədi kapitalist bazar və rəqabət münasibətləri yaratmaq olan liberal dövlət demokratikləşəndə, habelə demokratik qüvvələr rəqabətdə iştirak etməklərinə icazə verilməsini tələb edəndə, həmçinin ümumi seçgi hüququ tətbiq ediləndə, artıq möhkəm təşkilat quruluşu liberal dövlət mövcud idi və bu dövlət də parlamentar demokratiyanın fəaliyyət göstərə bilməsi üçün müvafiq təsisatları artıq hazır şəkildə saxlayırdı. (7)
Iranda parlamentarizmin meydana gəlməsi dövründə belə bir hazır vəziyyət olmamışdır. Düzdür, 1906-ci ildə mütləqiyyət devrildi, ancaq konstitusiyalı irana, monarşiyadan yoxsullaşmış, iqtisadi və sosyal baxımdan çox geri qalmış və siyasi baxımdan İngiltərə və Rusiyanın nüfuzu altında duran, az qala yarım müstəmləkə vəziyyətində olan bir ölkə miras qalmışdı.
Haqqında söhbət gedən dövrdəki dövlət quruluşu ilə əlaqədar onu demək olar ki, heç bir əhatəli qüvvədə olan qanunlar yox idi. əksinə, ictimai hakimiyyət şəxsi mala çevrildiyindən, müəyyəm şəxslərin əlində toplanmış və müvafiq olaraq məhdudlaşdırılmış orta əsrlər üsuli-idarəsi hökm sürürdü. Parlamentarizmin belə bir şəraitdə fəaliyyət göstərməsi, aydın məsələdir ki, lap əvvəldən əhəmiyyətli dərəcədə çətinləşdirilmişdi.
Parlamentarizmin müvafiq müasir idarə etmə strukturunun olmaması, onunla nəticələndi ki, Tehrandan başqa praktik olaraq bütün əyalətlər, şəhərlər və kəndlər Tehrandaki hadisələrdən təcrid edildi və bu ərazilərin əhalisi öz siyasi iradələrini ifadə etməkdən kənarda qaldılar. Bu da öz növbəsində siyasi şüuru onsuz da aşağı səviyyədə olan əhalinin bu hissəsi üçün əlavə bir mane idi.
Avropadakı siyasi inkişaf göstərdi ki, parlamentin təşkili üçün yalnız nümayəndələrin olması əhalının həqiqi marağının təmsil olunmasına heç də zəmanət vermir. Parlamentar sisteminin fəaliyyət göstərməsi əhalinin siyasi yetginliyi ilə şərtlənir. Iranda 1906-cı il inqilabından sonra belə yetginliyin olmadığından, məsul vətəndaş kimi dövlətin qayğısına qalmaq fikri İran əhalisinin böyük əksəriyyəti üçün yeni və anlaşılmaz idi. Hətta bir vətəndaş kimi özünün dar həyat dairəsinin marağının həyata keçirilməsi fikri əhali tərəfindən hələ başa düşülməmişdi. Kiçik ziyalılar və siyasətçilər qrupundan başqa bütün xalqda siyasi savad və demokratik düşüncə tərzi yox idi.
Əhalidə siyasi hazırlığın çatışmaması, başqa faktorlarla yanaşı, işi o yerə gətirib çıxarırdı ki, 1911-ci ildə ümumi seçgi hüququ tətbiq edildikdən sonra, bəzi iri mülkədarlar bütöv bir kəndin kəndlilərindən öz xeyrinə istifadə edərək, onları iri mülkədara və ya iri mülkədarın marağını təmsil edən namizədə səs verməyə sövq edirdi. Bu baxımdan heç də təəccüblü deyildir ki, 1963-cü ildə “Ağ İnqilaba” qədər parlament əsasən mülkədarlardan ibarət idi.
Iran parlamentarizminə hələ onun meydana gəlmə dövründə mane olan səbəblərdən biri də, xaricin irana nüfuz idi. Düzdür yuxarıda qeyd etdiyimiz kimi, məhz bir-biri ilə rəqabət aparan iki dövlətin – İngiltərə və Rusiyanın- iqtisadi və siyasi təzyiqi 19-cu əsrin ikinci yarısından başlayaraq konstitusiyalı monarşıyanın meydana gəlməsi üçün şərait yaratdı. Bu o, deməkdir ki, məşrutə hərəkarı ilk növbədə əcnəbi dövlətlərlə ziddiyyətlərdən, Avropanın iqtisadi hakimiyyəti, texnikası və fikirləri ilə münaqişədən inkişaf etmişdir.
Avropanın irana təsiri bu dərəcədə müsbət olmuşdur. Neqativ təsir isə digər cəhətlərlə yanaşı, öz ifadəsini orda tapır ki, hələ 1906-ci ildən sonra da iranın iqtisadi strukturası İngiltərə və Rusiyadan asılılıqda müəyyənləşirdi.
Ingiltərə və Rusiyanın təsiri altında bəzi dəyışıkliklərə məruz qalmış ənənəvi İran iqtisadi strukturasının inkişafında 1906-ci ildın sonra da asılılıq təzahürləri qalmaqda idi. Düzdür neft kəşfiyyatı İngiltərə və Rusiya üçün yeni satış bazarlarının yaranması ilə sıx sürətdə bağlı olan bir sıra tamamilə yeni və bu dövrə qədər məlum olmayan təsərrüfat sahələri inkişaf etmişdi.
Iranda o dövrdə sənayeləşdirmənin həyata keçirilməsi üçün müəyyən bəzi imkanlar olsa da, bu imkanlar Avropa da olduğu kimi aşağıdan, kiçik müəssisələr tərəfində deyil, əksinə, kənardan gətirilmış və tətbiq edilmişdi. Buna misal olaraq demək olaraq ki, istehlak malları istehsalı üçün lazım avadanlıq İrana xaricdən gətirilirdi. Yeni istehsal üsulla ölkə heç uyğunlaşma bilmirdi, çünkü İngiltərə və Rusiyanın müdaxiləsi daxili təsərrüfat qüvvələrinin sonrakı sərbəst inkişafına mane olurdu. Irandaki dəmir filiz, qurquşun və mis yataqları ölkədə özünün ağır senayesinin təşkili üçün müvafiq şərt ola bilərdi. Neft sərvətləri başqa sənayenin sonrakı inkişafı üçün əlavə kapitalın toplanmasını mümkün edə bilərdi. Ancaq ingiltərə və Rusiyanın iqtisadi və siyasi təzyiqi ölkədə özünün sənayesinin təşkilinə mane olurdu.
Iranda konstitusiyali monarşi təsis ediləndən sonra milli kapitalizm tərəfdari olan qüvvələr tərəfindən ölkəni sənayeləşdirmək və bu yolla xarici iqtisadi təsirindən azad olmağa cəhd etmələrinə baxmayaraq, İran müstəqil sənayeləşdirmə mərhələsinə daxil ola bilmədi. Lap başlanğıcdan hər cür milli kapital toplanmasına maneçilik törədilirdi. Xüsusilə İngiltərə və Rusiya hətta Məşrutiyyət inqilabından sonra da iranda özlərinin iqtisadi və siyasi nüfuzunu möhkəmləndirirdi. Buna səbəb əhalinin marağını yerinə yetirən hökümətin, himayəedici gömrükün, milli bank sisteminin və xarici dövlətlərlə əlbir və ölkənin müstəqil inkişafında marağı olmayan iri mülkədarlar və iri tacirlərin ağalığına son qoya biləcək milli dövlət sisteminin olması idi.
O dövrdə, mövcud olan müəssisələrdə 50-150 nəfər məşğul və onların əksəriyyəti günəmüzd işləyirdi. Bunlar emalətxana və manufaktura səciyyəsi daşıyırdı. Sənaye müəssisələrindən isə həç bir əlamət yox idi. Hətta belə əmalətxanalarında mövcudluğu xarici malların idxal təhlükəsi altında idi.
Aşağıdakı cədvəl 1921-ci ildə iranda olan fabriklərin vəziyyətini əks etdirir:
1- Tehranda silah fabriki, 1857-58-ci ildə təşkil edilmişdir. Aylıq istehsalı 100 tüfəng.
2- Kağız fabriki / Tehran
3- Şəkər fabriki /Təbriz, Mazəndəran/ işi dayandırılmışdır
4- Toxuculuq fabriki/Təbriz, Tehran/ işləmir.
5- Çini qablar kərxanası/Təbriz, Tehran/ işləmir.
6- Şüşə qablar kərxanası/Tehran/ 1866-67-ci ildə yaradılmışdır. İşləmir.
7- Kağız fabriki/ İsfahan/işləmir.
8- Silah fabriki/ Tehran/ işləmir.
9- Toxuculuq fabriki/ Tehran,İsfahan/ işləmir.
(bu cədvəl Sultanzade, A. Tərəfindən tərtib edilmişdir. “İran”, Moskov 1923-24, S. 36).
Bu siyahı tam deyildir. Ancaq cədvəldən aydın olur ki, iranin xırda istehlak malları fabrikları əcnəbi malların axınına davam gətirə bilmirdi və əksəriyyəti işləmirdi. Belə bir şərayitdə ölkənin sənayeləşdirilməsi və ağır sənayenin yaranması haqqında heç bir cür danışmaq olmazdı. Iran əslində ilk kapitalizm mərhələsində ilişib qaldı. Ticarət və kənd təsərrüfatı kapital yığımının əsas mənbələri idi. Bunlarla ancq xırda əhəmiyyətsiz fabriklər meydana gəlirdi.
Ticarətlə əlaqədar onu demək olar ki, bu sahədə də böyük gəlir əldə etmək olmurdu. Belə ki, İran İngiltərə ilə ticarətdə hətta böyük defisitə malik idi. Aşağıdakiı cədvəldə 1905-1923-ci illərdə İranla İngiltərə arasında ticarət əlaqələri göstərilmişdir.
il İngiltərədən idxal İngiltərəye xaric fərq
milyon Kron milyon Kron milyon Kron
————————————————————————————————————-
1909-1910 92.623 13.854 -78.778
1910-1911 134.014 15.342 -118.772
1912-1913 86.382 34.348 -52.034
1913-1914 97.596 33.319 -64.277
1914-1915 148.080 88.322 ` -58.785
1915-1916 169.378 76.276 -83.092
1916-1917 220.615 87.170 -133.445
1917-1918 313.137 110.739 -202.396
1918-1919 202.382 136.960 -166.422
il İngiltərədən idxal İngiltərəye xaric fərq
—————————————————————————————————————–
1919-1920 365.927 106.738 -259.189
1921-1922 462.129 159.037 -303.082
Avropada burjuvazının, özəlliklə milli burjuvazının meydana gəlməsi, parlamentarizmin inkişafında həlledici rol oynamışdır. Milli burjuvazı özlərinin iqtisadi əhəmiyyət kəsb etmələri səbəbindən, ənənəvi qüvvələrə qarşı qəti çıxış edib, parlamentarizm sistemin müvəffəqiyyət qazanmasına kömək etmişlər. Bunun əvəzinə 1906-ci ildə İranda Feodal-mənfəətpərəst Merkantil bir sistem hökm edirdi və bu sistemdə ənənəvi hakim saray təbəqələri ilə yanaşı yeni meydana gələn bir təbəqə kimi iri tacirlər də ağalıq etmək arzusuna düşmüşdü. Belə iri tacirlərin iqtisadi gücü və siyasi müsteqilliyi ilə əlaqədar onu demək olar ki, onlar heç vəchlə ölkənin özünə məxsus milli sənaye burjuvasinin yerini ala bilməzdilər.
İri tacirlər özlərinin mövcud olmalarını, İngiltərə və Rusiyanın İrandakı nüfüzuna borclu idilər. Onlar ingilis və rus malları ilə iran bazarı arasında vasitəçi rolunu oynayırdılar. Beləliklə, xaricə münasibətdə onlar əcnəbilərin marağını təmsil edib və ölkənin həqiqətən tam müstəqilliyinin ardıcıl tərəfdarları deyildilər. Daxildə isə ənənəvi feodal təbəqəsinə güzəştə hazır idilər. Çünkü, özləridə feodal ağaları kimi mülkədar idilər. İri tacirlərin feodal qüvvələrlə əməkdaşlığa hazırlığı təbiidir ki, siyasi hakimiyyətin, taxt-tac, feodal ağaları və parlament arasında bölünməsinə öz təsirini göstərmişdir. 1906-ci ildən sonra parlamentdə təmsil edilən iri tacirlər, sarayla sıx əlaqədə olan, parlamentdə təmsil edilmiş digər qüvvələrlə ittifaqa girdilər. Feodal ağalar və iri mülkədarlar seçgilərdən-seçgilərə manipulyasiya əl ataraq parlamentdə daimi yerlər qazana bilirdilər. Demokratik düşünən qüvvələr isə ancaq azlığda təmsil olunurdular.
Ingiltərə və Rusiyanın iran parlamentarizminə təsiri öz ifadəsini heç də təkcə müstəqil sənayenin inkişafına dolayı yolla mane olmaqda deyil, həmçinin parlamentin güclə buraxılmasında, mühafizəkar qüvvələrin müdafiəsində və bununla əlaqədar parlamentin tərkibinə nüfuz etməkdə, birbaşa iştirak etməsində tapır.
1- von Beyme, Klaus, Parlamentarismus, in : C.D. Kernig, Sowjetsystem und Demokratische Gesellschaft, Bd. IV, Freiburg 1971, S. 1091
2- Schlangen, Walter, Demokratie und bürgerliche Gesellschaft, Stuttgart 1973, S. 117
3- von Beyme, Klaus…. S. 1091
4- Myrdal, Gunnar, Asiatisches Drama, Frankfurt 1973, S. 150
5- Myrdal, Gunnar…. S. 150
6- bax: məşrutə inqilabının səbəbləri bölümünə
7- Macpherson C:B., Drei Formen der Demokratie, Frankfur am Main 1967, S. 82
*Bu silsilə məqalələr keçmişdə Ərəb-Fars əlifbasında yayılıb. Bu əlifbanı bilməyən soydaşların istəyini nəzərdə alaraq, məqalələr latin əlifbasına keçirilib.
Gələcək bölümdə iran islam inqilabına qədər “seçgi sistemin çatışmazlıqları”, “müxalifət təşkilinin problemləri” və “idarəetmədə nöqsanlar” təhlil olacaq!