Sonuncu inqilab yoxdur,
inqilablar sayı, sonsuzdur!
İranda Parlamentar sistemin məsələləri (8)*
Seçgi sisteminin çatışmazlıqları
Şahın reforma proqramına uyğun olaraq 1963-cü ildə həyata keçirilmiş dəyişikliklərdən əvvəl, parlamentə seçgilərin keçirilməsi proseduru İranda parlament sisteminin ən zəif yerlərindən biri idi. Çünkü elə bir seçgi olmamışdı ki, ona müxtəlif tərəflərdən bu və ya digər dərəcədə təsir göstərilməsin və ya yolverilməz saxtakarlıqlar edilməsin.
1963-cü ildən əvvəl seçgilərə təsir göstərmə imkanı elə seçgi komissiyalarının tərkibinin təmsil edilməsində idi. Müvafiq ustandarlar (qubernatorlar) tərəfindən təşkil edilmiş seçgi komissiyası məhz iri mülkədarlardan, yüksək din xadimlərindən və iri tacirlərdən ibarət idi. Azad, müstəqil seçgi orqanlarından heç cür danışmaq olmazdı. Seçgi komissiyası yüksək təbəqələrin əlində daha çox bir təşkilat aləti idi və onun köməyi ilə onlar hər cür mümkün və ya qeyri-mümkün yoldan istifadə edərək öz namizədlərini parlamentə keçirmək imkanı əldə edirdilər. Seçgi sistemində hər cür saxtakarlıq və sui-istifadə üçün imkan var idi və bunun nəticəsində də yüksək təbəqə seçgilərdə ələ keçirdiyi hakimiyyətdən heç bir ehtiyat etmədən sui-istifadə edə bilirdi və bu zaman azad, yuxarı təsisat qarşısında heç bir məsuliyyət daşımalı olmayırdı. İri mülkədarlardan, yüksək din xadimləri və iri tacirlərdən ibarət yuxarı təbəqələr üçün söhbət seçgilərdə iki əsas sahəyə rəhbərlik etməkdən gedir: birincisi seçgi orqanlarının təşkili və tərkibi və ikincisi, əhalının səsverməsi.
Seçgilər üçü yeganə bir təsisat mərkəzi seçgi komissiyasi mövcud olduğundan, parlamentə, kimin nümayəndə seçilməsi praktik olaraq onun əlində idi. Məsələn: əksər hallarda belə olmuşdur ki, müəyyən namizədə verilmiş səslər heç vaxt üzə çıxmamışdır, elə bil ki, bu səslər heç olmamışdır. Onlar tamamilə yeni bülletenlə (səsvermə kağazı ilə) əvəz edilir və bu yolla parlamentə başqa bir namizəd gətrilir. Bəzən hətta elə hallar olmuşdur ki, bütöv səsvermə qutuları dəyişdirilmişdir. Seçgi hüququna malik olmaq üzərində nəzarətin lazim səviyyədə olmaması seçgilərdə saxtakarlığı asanlaşdıran imkanlardan biridir. Səsvermə hüququ yalnız metrikanı (doğum haqqında şəhadətnaməni) yoxlamaqla aparıldığından və seçgilərin keçirilməsi reqyonlar boyu irəliləməklə uzun müddəti əhatə etdiyindən belə şəhadətnamələri müxtəlif yerlərdə təqdim etmək olardı və yaxud ölənlərin və orada olmayan şəxslərin şəhadətnamələrindən istifadə etmək olardı.
Gizli səsvermə imkanının lazımı səviyyədə olmaması da seçgilərdə saxtakarlığa əl atmağa imkan yaradırdı. Seçgi qanununun gizli səsverməyə istinad etməsinə baxmayaraq, bu göstəriş praktikda tətbiq edilməmişdir. Səsvermə bülletenlərinə adların yazılması, artıq qeyd etdiyimiz kimi, seçgi məntəqəsindən kənarda baş verir və aydındır ki, seçgi üçün gizli səsverməni təmin edən heç bir şərait və avadanlıq yoxdur. Səsvermə büllentenləri təcrübədə çox vaxt seçilən şəxsin özü tərəfindən lazımi miqdarda hazırlanır və səsvermə vaxtı seçicilərə paylanır. Bu metod elə geniş yayılmışdı ki, seçgi məntəqələrinin qarşısında bükülmüş seçgi vərəqələrini camaatın gözü qarşısında açıq-aşkar seçicilərə necə paylandığını müşahidə etmək olardı. Bəzən savadsızlar seçgi bülletenlərini seçgi məntəqəsinin qarşısında başqasına, yəni savadlı bir nəfərə doldurtdururdu.
Demək olar ki, seçgkilər həqiqətdə gizli deyildi və savadsız seçici seçginin nəticələrinin onun iradəsinin əksinə olaraq saxtalaşdırılmayacağına əmin deyildi.
Islahat proqramı başlamamışdan qabaq İranda fars dilini yazıb-oxuma bilməyən savadsızların ümumi sayını 85% təşkil etdiyini nəzərə alsaq, seçgilərdə saxtakarlıqların masştabı aydınlaşar. Iranda hamıya məlum fakt idi ki, iri mülkədarlar öz kəndlilərini yük maşınlarına yükləyərək səsvermə məntəqələrinə göndərirdi və bu yolla parlamentdə öz yerlərinin daimiliyini təmin edirdilər.
Səslərin hesablanmasında da əksər hallarda saxtakarlığa yol verilirdi. Məsələn: arzuedilməz şəxsin adı olan səsvermə bülletenləri başqasının xeyrinə hesablanır və qeyd edilirdi.
Şikayətlərlə əlaqədar onu demək olar ki, seçgi komissiyaları müntəzəm olaraq hər cür xoşagəlməz şikayətlərə fikir vermirdi. Seçgilərin nəticələrini yoxlamalı ikinci təsisat olan parlament isə, sifarişlə seçilmiş nümayəndələrin bir təşkilatı kimi özü-özü ilə əlvərişsiz məhkəməyə girişmirdi və beləliklə düzgün seçilməmiş nümayəndə üzə çıxmırdı.
Şahın reforma proqramına uyğun olaraq 1963-cü ildə tətbiq edilmiş dəyişikliklər vasitəsilə ən çətin anlaşılmazlıqlar aradan qaldırıldı.
Seçgi komissiyalarında iri mülkədarlar və yuxarı təbəqənin digər nümayəndələri, demək olar ki, bütün ictimai təbəqələrdən olan şəxslərlə əvəz edildi. Seçgi hüququ seçgi siyahıları aparılmaqla yoxlanılırdı və eyni zamanda seçgilərin bütün ölkədə eyni gündə keçirilməsi nəticəsində bir neçə yerdə seçmək imkanı məhdudlaşdırıldı. Bundan əlavə, qadınlara aktiv və passiv seçgi hüququ verildi. Savadsızların normasının azadılması seçgilərdə saxtakarlıq imkanlarını məhdudlaşdırdı.
Namizədlərin irəli sürülməsinin nizamlanmış yolunun olmaması bir nöqsan olaraq hələ də qalırdı. Seçgilər birbaşa şəxsin seçilməsi idi, partiya seçilməsi deyildir. Seçici onun seçgi dairəsinə müvafiq verilmiş nümayəndələrin sayından istənilən şəxsləri öz nümayəndəsi kimi müəyyənləşdirir və onların adını boş ağ vərəqəyə yazırdı. (8)
Ancaq qeyd etmək lazımdır ki, şah dövründə iranın seçgi hüququnun islahatı ancaq seçgi hüququnun bəzi müddealarının yenidən təşkil olunmasında məhdud qaldı. Başqa sözlə desək, demokratik seçgilərin keçirilməsi üçün həlledici olan digər səbəblər, yəni ölkənin siyasi və sosyal həyatında demokratik dəyişikliklər həyata keçirilmədi. Bu məsələlər aşağıda yaxından təhlil ediləcəkdir.
Müxalifət təşkilinin problemləri
Parlamentar müxalifət dedikdə, idarəetmədə iştirak etməyən, parlamentdə təmsil edilmiş partiyaların cəmini başa düşsək, onda iranda belə bir oppozisiyadan söhbət belə ola bilməzdi. Biz yuxarıda qeyd etmişdik ki, iranda partiyalar mövcud idi, ancaq seçgi hüququ baxımından onlar yalnız 1960-ci ildən sonra məna kəsb etmişlər. Bu, ilk növbədə konkret olaraq o deməkdir ki, nümayəndələr müəyyən bir partiyanın nümayəndələri kimi deyil, ayrı-ayrı şəxslər kimi seçilirdilər. Məsələn: Almanyada nümayəndə öz məqsədini partiyanın proqramı əsasında başa düşürsə və onu da təmsil edirsə, İranda namizəd tək idi. O, heç bir proqramı, ictimai, siyasi və yaxud iqtisadi çətinliklərin aradan qaldırılması üçün həç bir platformanı təmsil etmirdi.
Seçgilər üçün bu o demək idi ki, onlar siyasi baxımdan seçə bilmirdilər.
Iran parlamentinin daxilindəki özünü partiya kimi qələmə verən qruplaşmalar əksər halda az ömürlü və dəqiq proqramsız idi və yuxarıların təşəbbüsü ilə yaradılırdı. Xalqın müəyyən təbəqələrindən, əsasən ziyalılardan, necə deyirlər, aşağıdan yuxarı yaradılmış partiyalar qısa müddətdən sonra qadağan edilirdi.
Yuxarının təşəbbüsü ilə yaradılmış partiyalar üçün səciyyəvi cəhət bundan ibarət idi ki, bu partiyalara mənsub olmaq sonradan onların həqiqətən həyata keçirilməli olduqları proqramla müəyyənləşmirdi, əksinə, bu mənsubiyyət şöhrətpərəstlik, əlaqələr, yuxarı təbəqəyə mənsub olmaqla müəyyənləşirdi. Bunun nəticəsi idi ki, parlament əksər hallarda bir-birilə heç bir əlaqəsi olmayan, əksinə, mənfəət və öz şəxsi marağına can atan şəxslərdən təşkil edilmişdi.
1960-ci ildə ilk dəfə partiyalar seçgilərdə iştiraka cəlb edildi. Bu heç də o demək deyildir ki, bu dəfə həqiqi partiya müxalifətinə icazə verilirdi, əksinə partiyaların yaradılması yuxarıların təşəbbüsü ilə yaradılmış iki partiya ilə məhdudlaşırdı.Yuxarıda qeyd etdiyimiz kimi “Milliyun” partiyası İranın milli mühafizəkar qüvvələrinin yığıncaq yeri olmalı, digəri isə, “Mərdum” partiyası keçmiş müxalifətin loyal qüvvələrindən ibarət olmalı idi.
1963-cü ildə ikinci ikipartiyalı sistemin tətbiqində də parlament daxilində müxalifətin yaradılmasının mümkünlüyündə heç nə dəyişmədi. 1975-ci ildə vahid partiya sisteminin yaradılması parlamentdə meydanı daha da məhdudlaşdırdı.
Qeyd edilməlidir ki, siyasi partiyaların meydana gəlməsi şərtləri İranda lazımi səviyyədə olmamışdır. Qərbin sənaye ölkələrində müasir partiyaların ilk başlanğıcı hakimiyyəti ələ keçirmək uğrunda mübarizənin əksi və davamı idi. Feodal qüvvələri ilə burjuvazı arasındakı əvvəlki ziddiyyətlər burjuvazının özünün daxilində qrupların mübahisəsi nəticəsində aradan qaldırıldı. Burjuvazi cəmiyyətinin inkişafı nəticəsində, parlament xaricində meydana gələn partiyalar, nəhayət, artıq mövcud olan bu sistemə daxil oldular. Bu partiyaların əksəriyyəti köhnədən qalma burjuvaziya partiyalarına qarşı güclü müxalifət təşkil etdi. (9)
Əgər partiyaların əmələ gəlməsini inkişaf prosesinin nəticəsi, habelə sosyal, iqtisadi və siyasi dəyişilmə prosesinin ən yüksək nəticəsi kimi nəzərdən keçirsək, deməliyik ki, İranda belə partiyaların inkişafı üçün belə şərtlər mövcüd olmamışdır.
Bu səbəbdən heç də təəccüblü deyildir ki, demokratik əsaslı partiyalar meydana gəlməmiş idi. İranda rəsmi partiyaların yaradılması yolu və üsulu, əlbəttə, demokratik prinsiplərin tamamilə ziddinə olmuş və demokratik inkişafı heç bir addım da irəliyə doğru apara bilməzdi. 1960-ci ildə ilk dəfə olaraq iki dövlət partiyası rəsmi olaraq seçgilərdə iştiraka cəlb ediləndə, Şah buna öz mövqeyini aşağıdakı kimi bildirmişdi: “ parlament demokratiyası və siyasi partiyalar bizim üçün yeni və naməlum məfhumdur və qədim xalq adət-ənənəsinin əhalinin həyatında mühüm rol oynadığı bizim ölkəmizdə siyasi partiyaların xalq arasından çıxacağını, xalq tərəfindən yaradılacağını və inkişaf etdirilə biləcəyini düşünmək sadəlövhlük olardı”. (10)
Partiyaların yaradılması ilə əlaqədar şahın dedikləri- xalq öz arasından siyasi partiya yaratmaq üçün lazımi yetginliyə malik deyildir və buna görə də partiyalar yuxarıdan yaradılmalıdır- fikri çox mübahisəlidir. Əgər partiyaları inkişaf prosesinin nəticəsi, habelə, şəraitdən asılı dəyişilən kimi deyil, əksinə, başqa bir baxımdan, siyasi, ictimai və iqtisadi dəyişikliklər prosesinə böyük təsiri olan müstəqil təsisat hakimiyyəti kimi nəzərdən keçirsək, şahın bu fikri rədd edilməli idi. Bu, o deməkdir ki, əhalının tədricən siyasi iradəsini ifadə etməyə imkan verən şərtlər yaradılmalı idi.
O dövrdə bu sahədə mövcud olan nöqsanlar aşağıda daha geniş təhlil ediləcəkdir.
Idarəetmədə nöqsanlar
İranda idarəetmə sistem Reza şah dövründən mərkəzləşmə prinsipi əsasında teşkil edilmişdi.
Belə bir mərkəzləşdirmənin nəticəsi, Tehranda mərkəzi inzibati aparatın şişməsi və əyalətlərdə təşəbbüskarlığın tamamilə olmaması idi : çünkü müəyyən ara pillələrin və mərkəzin razılığı olmadan yerli təşəbbüskarlıq üçün heç bir imkan qalmırdı, mərkəzin qərarı isə instansiyalar yolu üzün olduğundan gecikir və reqional problemi düzgün bilmədiyindən qeyri-obyektiv qərar çıxarılırdı. Reqionların inkişafına diqqətin artması ilə əlaqədar Tehrandan uzaq məsafədən həll edilməyən, və ya kifayət dərəcədə həll edilməyən reqional problemlərin sayı artdıqca, bu sistemin namünasibliyi və nöqsanlı cəhətləri hamıya məlum olurdu.
Buna rəğmən, dövlət siyasəti pan farsizm ideologiyası əsasında qurulduğu və qeyri-fars əyalətlərdə etniki asimilasya irəli sürüldüyü səbəbdən , desentraliziyası uğrunda əhmiyyətli addım atmaq imkansız olmuşdur. Beləliklə, 1907-ci ilin əsas qanuna əlavəsində Əyalət və Vilayət əncümənlərinin təyin edilməsinin nəzərdə tutulmasına baxmayaraq, konstitusiyanın bu bölməsi heç vaxt yerinə yetirilməmişdir. 1945-ci ildə Azərbaycan və Kürdüstan əyalətlərində bu yolda atılan addımlar da hərbi yolla aradan qaldırılmışdır.
İranda vətəndaş mərkəzdən idarəedilən inzibatçılıq nəticəsində həmişə yuxarı hakimiyyətdən asılı olmuşdur. Asılı bir adam kimi o, parlamentə nümayəndə seçmək üçün tələb edilən azadlığa və müstəqilliyə həç cür sahib ola bilməmişdir. Çünkü həqiqi xalq nümayəndəliyinin təşkili üçün əsas şərtlərdəm biri budur ki, seçici müxtəlif partiyalar içindən layiqli nümayəndəni seçmək ixtiyarında olsun və dövlət rüşvət və saxtakarlıqla öz nümayəndəsini parlamntə keçirə bilməsin.
Əslində, dövlət işlərinə sərhəd qoya biləcək, vətəndaşların azadlıq hüquqlarına hörmət edən və onların hakimiyyət orqanları tərəfindən pozulması və sui-istifadə edilməsinin qarşısını ala biləcək şərtlərin olmaması, iranda Parlamentar sistemin fəaliyyət göstərməsini qeyri-mümkün etmişdir.
Gələcək bölümdə Iran islam inqilabına qədər, taxt-tacla parlament arasında hakimiyyət bölgüsü problemləri təhlil olacaq.
8- Gehrke, Ulrich…. S.188
9- La Palombara, Joseph und Weiner, Myron, Parteien und Parteisysteme in der Dritten Welt in: Berg-Schlosser, Dirk (Hrsg.), Die politischen Probleme der Dritten Welt, Hamburg 1972, S.176-178
10- Kaviani, Bijan….. S.128
Erstelle deine eigene Website mit Webador