Almanyanın sosyal-ekonomi vəziyyəti ve müsülman ölkələrdən gələn xaricilərin sosyal həyatlarına qisa bir baxış

Almanyanın sosyal-ekonomi vəziyyəti ve müsülman ölkələrdən gələn xaricilərin sosyal həyatlarına qisa bir baxış

İllərboyudur İran İslam hükumətin iranda yaratdığı istibdadın basqısı nəticəsində vətənim Güney Azərbaycandan uzaq qalıb, Avrupanın bir Xristian ölkəsi olan Almanyada nisbi olaraq rahat yaşayıram. Bu Xristian ölkədə söz, fikir, din, tənqid etmə və mətbuat azadlığı var. İnsan qorxmadan sözünü deyir, hükumətdən tənqidini edir, Allaha inanir yaxud Allahı danır. Kimsə kimsənin fikir, söz, inanc və tənqid azadlığını əlindən almır. Xalq dövlətin formalaşmasında iştirkak edir. Din dövlət işinə müdaxilə etmir. İnsan azad bir mövcuddur, sevdiyi yeməyi yeyə bilir, sevdiyi kitabı oxuya bilir, sevdiyi kasinoya, sevdiyi kilsəyə, sevdiyi məscidə və ya sevdiyi meyxanaya gedə bilir. Dövlət çalışır millətin qayğısında qalsın və millət də dövlətinin. Ölkədə opozision azad fəaliyyət edir. Millət dövlətindən razı olmazsa, gələcək seçkilərdə opozision hizblərdən birisini iqtidar başına gətirir. Məmləkətin prezidenti və dövlət başçısı müəyyən bir müddət üçün millət tərəfindən seçilir və bu məsuliyyəti atasından yaxud allahdan irs aparmır. Ölkənin gəliri şəxsi ciblərə və xaricdə olan şəxsi bank hesablarına tökülmür. Məmləkətin Prezidentindən tutub hambalına qədər qanun qarşısında bərabərdir. Qadinlarla kişilər həm qanunda və həm ictimai fəaliyyətlərdə bərabərhuquqlu insanlardır. Azadlığın mənası hərc- mərclik, özbaşınalıq və qanunsuzluq deyil. Azadlığın hüdudunu qanun təyin edir və kimsə bu çərçivədən çıxırsa qanun tərəfindən cəzalanır.
Bir sözlə desək, burada qanun və siyasi demokrasi hakimiyyət edir.

Demokrasi sistemdən danışanda, doğal olaraq bu sistemin ekonomi cəhətini də nəzərdə almalıyıq. Hər şeydən əvvəl bilməliyik ki, məmləkətdə mövcud olan ictimai sərvət kimlər arasında bölünr və geniş kötlə bu sərvətdən nə pay alır? Başqa sözlə, cəmiyyətdə yaranan Sərvət və sərmayə ancaq sahibkarın xidmətindədir yaxud bütöv insanların?
Yazıqlar olsun ən inkişaf etmiş kapitalisti ölkələrin birisi olan Almanyada, bu aspekt ədalətlə irəli getmir. Bu o deməkdir ki burada kapitalizm sistemin qanunlarına uyğun olaraq iqtisadiyyatın diqqət mərkəzində insan yox bəlkə mənfəət yerləşir . Dünya sosyalizm sistemi dağılmadan əvvəl, Almanyanın iqtisadiyyat sistemi „soziale MarktWirtschaft“ yəni sosya kapitalizm sistemi adlanırdı. Həqiqətdə də böyük şirkətlər və sərmayə sahibləri qazandığı mənfəətdən müəyyən bir hissəsini vergi şəkildə dövlətə verib və dövlət bu pulu geniş kötlələrin sosyal və ekonomi rifahi üçün xərcləyirdi. Bu yolla toplumda sərmayə ilə kötlələr arası bir dərəcə ədalət və tarazlıq yaranırdı. Qlobalizasion prosesinin sürətlə inkişafi bu tarazlığı pozub və Almanyanın iqtisadiyyatını dərin böhran içinə salıbdır. Bu ölkədə varlılar getdikcə varlanır və yoxsullar getdikcə yoxsullaşır. Almanyada 7 Milyondan çox insan işsizdir. İşsizlər içində yeni bir sosyal təbəqənin yəni akademik proltariatın yaranması çox maraqlıdır. Onminlərlə universitet qurtarmış cavan işqüvvəsi taksi sürmək və ya buna oxşar işlərlə maaş dalınca qaçır. İşsizlər sayını az göstərmək üçün işsizlər statiskası rəsmi dairələr tərəfindən manipulirə olur və yaxud süni iş yerləri yaranır. Dövlət çalışır müxtəlif yollarla işsizliyin qarşısıni alsın. Millət və Dövlət böyük sərmayə sahiblərinin əlində əsir qalıb. Dövlət ucuzmaaşlı ölkələrə kapital axınının qarşısını almaq üçün sərmayə sahiblərinə hər cür güzəştə hazır olub. Böyük şirkətlər və sermayə sahibləri dövlətə daha vergi vermir yaxud çox az vergi verməyə hazır olur. Dövlət bu boşluğun yerini doldurmaq üçün kötlələrin əmək haqqının azalması, istehlak malların vergisinin artırması və işçilərin başqa imtiyazlarının azalması siyasəti irəli sürür. Kötlələrin alıcılıq qabiliyyəti getdikcə azalır. Sosyal darvinizm qanunlarına uyğun olaraq, böyük şirkətlər kiçikləri yeyir və getdikcə şişib monopollara çevrilir. Rəsmi statiskaya görə hər 8 nəfər Almandan birisi yoxsul hesab olur. Uşaqlara gəldikdə 1,8 Milyon uşaq (5-15 yaşına qədər) yoxsulluq şərayitində yaşayır. Dövlət yoxsul insanlara yardım edir. Onların ev kirayəsi verilir və yaşamaları üçün ayda cüzi miqdar pul verilir. Narazı olan insanların sayı getdikcə çoxalır ve bunlar seçkilərdə iştirak etmir. Bu vəziyyət Almanya dövlətinin xarici siyasətinə də birbaşa təsir qoyur. Əgər keçmişdə Almanyanın xarici ölkələrlə, xüsüsilə diktator hükumətlərlə iqtisadi əlaqələrində insan hüquqlarının vəziyyəti kiçik bir əhəmiyyət daşıyırdısa, indi xarici siyasətdə praqmatik sterateji irəli sürülür və insan hüququnun pozulması aspekti daha bir maneə sayılmır.
Almanya dövlətinin Hədəfi: xarici ölkələrə eksporti çoxaltmaq, bu yolla daxildə işsizliyin qarşısını almaq və sərmayə sahibinə daha cox mənfəət yetirməklə onun sərmayəsini ölkə daxilində saxlamaqdır.

 

 
 
 

 

Xristian Almanlar və islami ölkələrdən gələn Musulmanlar

Almanların xarici ölkələrdən gələn təqribən 7,7 Milyon insanlara qarşı münasibətlərinə də qıssaca bir nəzər salaq.
Burada bütöv vətəndaşların qanun qarşısında bərabər elan olduqlarına baxmayaraq, cəmiyyətdə irqçilik, xaricilərə və yəhudilərə qarşı düşmənçilik getdikcə güclənməkdədir. Xaricəlilər xüsusilə 3-cü dünya adlanan ölkələrdən gələn insanlar müxtəlif haqsızlıqlara məruz qalırlar. Xaricilər içində işsizlik və yoxsulluq Almanlarla müqayisədə iki qatdan da artıqdır. İslami ölkələrdən gələn 3,3 Miliyon xaricilərin 85% təhsil baximdan çox zəif bir səviyyədə olduqlarına görə modern Alman cəmiyyətinə qovuşa (inteqerirə) bilmir. Bu məsələ qeyri-isalmi ölkələrdən gələn xaricilərə aid olmur. Dindar musulmanların ailələri içində uşaqlar islam qanunları ilə tərbiyə olur. Qadinlar ve kiçik qiz uşaqların baş örtmələri Almanların narazılığına səbəb olur. Onlar başörtüyünü qadinin esarət əlaməti kimi hesab edir. Dinçi Musulman ailələrin sosyal həyatlarında böyük əhəmiyyətə malik olan bəzi adət və ənənələr o cümlədən „namus qətli“ və yaxud „zorla qızları evlendirmək“ yaxud qız uşaqları məktəbdə idman və seksual dərslərindən uzaq saxlamaq, cəmiyyətdə müsəlmanlara qarşı nifrətə səbəb olur. Almanyanın ana yasasında din azadlığının möhtərəm sayıldığına görə dövlət çoxlu məscidlərin tikilməsinə icazə verir. Yeni məscidlərin tikilməsi Almanların daha çox narazılığına səbəb olur, belə ki məscidlərin tikilməsinə qarşı piketlər və imza toplamaqlar tərtib verilir. Onlar islam və islami ölkələrdə xristian dininə qarşı hörmətsizliyi misal gətirib və deyirlər : “ Xristian ölkə olan Almanyada hər bir yeni tikilən məscidin əvəzinə, Musulmanların bir ölkəsində yeni bir kilsə tikilməlidir!“. Məscidlərdə aşırı fanatik mollaların antidemokratik və yəhudidüşmənçilik təbliğatlarının qarşısını almaq üçün, dövlət gizli polis vəsiləsilə məscidləri gözaltında saxlayır. Bir neçə müddət bundan əvvəl Berlin şəhrinin kreuzberg məhəlləsində, Movlana məscidin mollası Almanları xristian olduqları üçün kafir, cəhənnəm əhli, pis və qoxulanmiş adlandırdığı üçün, ölkədən ixrac oluğuna və Türkiyəyə geri göndərilməsinə səbəb oldu. Umumiyyətlə Alman ailələrilə islam ölkələrindən gələn dinçi ailələrin arasında heç bir sosyal – ailəvi təmas yoxdur. Musulman ölkələrdən gələn dinçi ailələrın çoxu öz aralarında qalıb – yaşamaq üçün böyük şəhərlərin müəyyən məhəllələrində (Qetolarda) yaşamaqlarını tərcih verirlər. Bu məhəllələrdə ev kirayəsi başqa məhəllələrlə müqayisədə nisbətən ucuzdur. Maddi imkana sahib olan və orta təbəqədən gələn Alman ve xaricdən olan ailələr bu məhəllələrdən köçüb, başqa məhəllələrə daşınırlar. Berlin şəhrinin Kreuzberg və Neukölln məhəllələrində elə uşaq məktəbləri var ki orada klas şagirdlərin 99% xarici ailələrdən gələn uşaqlardır.
Musulman Ailələrində uşaq doğumu Alman ailələrlə müqayisədə təxminən 5 qat çoxdur. Dövlət hər uşağı olan ailəyə uşaqbaşı pul verir. Belə təxmin edilir ki, 100 – 150 ildən sonra Almanyanın əksər cəmiyyəti musulmanlardan ibarət olacaq. Almanlar demokratik düşüncəyə malik olan modern musulmanlardan qorxmurlar. Onların qorxusu ancaq totaliter siyasi islam və onun təbliğatçilarıdır ki, laik və demokratik bir ölkədə 7-ci əsrdən yadgar qalmıs qanun və ənənələri müsulman əhalının içində yaymağa çalışırlar. Almanya dövləti müxtəlif təşəbbüslərlə, o cümlədən dinlər arasında dialoqların tərtib verilməsilə çalışır Almanyanın müsulman əhalısı içində aşırı islamin təsirinin qarşısını alsın və islam dinini modernləşdirsin.
Almanyada azad fealiyyət göstərən yeni Faşist partiyalar getdikcə güclənir və onların nümayəndələri seçkilərdə məhəlli parlamentlərə seçilir. Bu partiyaların əksər tərəfdarları, iqtisadi cəhətdən narazı olanlar və həmdə xaricilərin, xüsusilə aşırı dinçi Musulmanların çoxalmasindan narazı olanlardi. Belə ehtimal verilir ki gələcəkdə fanatik dinçi musulmanlarla Almanyanın sağ təmayüllü qüvvələri arasında ziddiyyətlər gərginləşsin və cəmiyyətin sülhünü pozan ciddi problemlər meydana çıxarsın.
Berlin Feb. 2006
Əhməd yəzdani